Azərbaycan valyutası
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.
Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması tətbiq olundu.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.